Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda “27 Sentyabr –  44 Günlük Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ilə bağlı tədbir keçirilib.

İlk öncə Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu qeyd edib.

Alim 44 günlük savaşın sonunda əldə edilən şanlı qələbənin əhəmiyyətindən danışaraq vurğulayıb ki, Azərbaycan dövləti bu qələbəni ilk öncə şəhidlərin qanı, canı bahasına əldə edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını söyləyən Pənah Müradov xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyduğunu, ölkəmizin ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn bərpa edildiyini, bu zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

Tədbirdə İnstitutun Bioloji aktiv maddələr laboratoriyasının müdiri b.e.d., prof. Elman İsgəndər çıxış edərək Vətən müharibəsində Azərbaycan xalqının sözün həqiqi mənasında birlik nümayiş etdirərək böyük zəfərə nail olduğunu, bu qələbədə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi olduğunu deyib, Vətən uğrunda canlarından keçən Şəhidlərimizin xatirələrinin həmişə uca tutulacağını bildirib.

Sonda institutun əməkdaşları II Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda Şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərinə gül düzüblər.