Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Həmkarlar Təşkilatının təşəbbüsü ilə 7 Oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mikrobiologiya İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov institutun əməkdaşlarını salamlayaraq layiqli əməyin mahiyyəti, bu istiqamətdə dövlətimiz və həmkarlar ittifaqları tərəfindən görülən işlər, həmçinin Ümumdünya Layiqli Əmək Gününün təsis olunmasının əhəmiyyəti barədə geniş məlumat verib. O, eyni zamanda bu sahədə qarşıda duran vəzifələri də diqqətə çatdırıb.
Pənah Muradov qeyd edib ki, Mikrobiologiya İnstitutunda çalışan bütün kollektiv üzvlərinin layiqli əmək şəraitində fəaliyyət göstərməsi, onların mənalı istirahət hüquqlarının təmin olunması istiqamətində son illər ərzində mühüm tədbirlər həyata keçirilib və bu tədbirlər konkret nəticələrini artıq verməkdədir.
Sonra institutunun Həmkarlar Təşkilatının sədr v.i.e. b.ü.f.d. Vüsalə Xəlilzadə bildirdi ki, Ümumdünya Layiqli Əmək Gününün qeyd olunmasının əsas məqsədi əməkdaşların dövlətin sosial siyasətinin nəticələrini gündəlik həyatlarında hiss etmələrinə və rifahlarına töhfə verən bu siyasətdən layiqincə faydalanmalarına şərait yaratmaqdı.
Tədbirin sonunda iştirakçıların fikir və təklifləri dinlənilib.