Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin Mikroorqanizmlərin Respublika Kolleksiyası dövlət müəssisəsinin əməkdaşı professor Axan Abjalelov və baş elmi katibi Aslan Temirxanov Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda olublar.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov qonaqları müəssisə ilə tanış edib, qurumun əsas fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri, görülən işlər barəsində məlumat verib.

Sonra qonaqlar institutun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Tanışlıq zamanı alimlər öz elmi müəssisələrində görülən işlərlə bağlı çıxışlar ediblər.

Sonda müzakirələrin nəticəsi kimi Mikrobiologiya İnstitutu ilə Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin Mikroorqanizmlərin Respublika Kolleksiyası dövlət müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb və sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.