Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə fəaliyyətindən, uzaqgörənliyindən, onun gördüyü işlərin uğurlu nəticələrindən bəhs edib. Böyük şəxsiyyətin ideyalarının daim yaşayacağını, gələcək nəsillərə örnək olaraq miras qalacağını bildirib.
Tədbirdə İnstitutunun Həmkarlar Təşkilatının sədri dosent Anar Hüseynov, şöbə müdiri Vüsalə Xəlilzadə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycan elminin inkişafı üçün həyata keçirdiyi tədbirlərdən söz açıblar, onun xatirəsinin xalqın yaddaşında daim yaşayacağını vurğulayıblar.
Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, elmi işçi Aygün Behbudova Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq gənclərin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olduğunu qeyd edib.
Sonda Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.