Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Bioloji aktiv maddələr laboratoriyasının müdiri biologiya elmlər doktoru professor Elman İsgəndər və həmin laboratoriyanın elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Səbinə Cəfərzadə Qazaxıstanda keçirilən “Biologiya elmlərinin davamlı inkişafında müasir trendlər” adlı Scopus indeksli beynəlxalq forumda onlayn iştirak ediblər.
Forumda E.İsgəndər və S.Cəfərzadə həmmüəllif olduqları (Comparative study of pollen morphology and fertility in Pyrus L. species under in situ and ex situ conditions in Greater Caucasus, Azerbaijan) “Böyük Qafqazda (Azərbaycan) Pyrus L. cinsi növlərinin in situ və ex situ şəraitində tozcuqlarının morfologiyasının və məhsuldarlığının müqayisəli tədqiqi” adlı elmi əsəri “Scopus”da indekslənmişdir.
Məqalədə müxtəlif ekoloji şəraitlərdə (in situ və ex situ) inkişaf edən Pyrus L. cinsi növlərinin tozcuqlarının morfometrik göstəriciləri və məhsuldarlığının müqayisəli şəkildə təhlili verilmişdir. Müəyyən olunmuşdur ki, ekoloji cəhətdən təmiz olmayan ərazilərdə yayılmış bitkilərin tozcuqlarında bir sıra mənfi hallar müşahidə olunur.
Beynəlxalq forumda mikrobioloq alimlər çıxış etmiş, verilən sualları ətraflı cavablandırmış və sertifikatla təltif olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.