AR ETN-nin Mikrobiologiya İnstitutunun əməkdaşı Aqil Adəm oğlu Əhmədlinin rəhbəri olduğu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı fondu tərəfindən elan edilən “Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsi”nin qalibi olub.

A.A.Əhmədlinin rəhbəri olduğu, eyni zamanda Mikrobiologiya İnstitutun 2 və  Zoologiya İnstitutunun daha 2 əməkdaşının icraçı kimi yer aldığı müvəqqəti yaradacı kollektiv tərəfindən həyata keçirilən “Heyvanların məhsuldarlığını yüksəldən göbələk mənşəli yem əlavələrinin alınması və tətbiqi” layihəsi kənd təsərrüfatı heyvanlarının (iri buynuzlu heyvanların və quşların) məhsuldarlığının yüksəlməsinə və yem bazasından səmərəli istifadəyə imkan verən ekoloji təmiz bioəlavələrin alınması və alınmış biopreparatın tətbiq edilməsinin elmi-praktiki əsaslarının hazırlanmasını hədəfləyir.

Belə ki, bildiyiniz kimi, bitkilərin ekosistemdə produsentlər olaraq həm insanların, həm də heyvanların qida rasionunda önəmli yer tutması bu gün hamıya məlum olan həqiqətlərdəndir və heterotrof orqanizmlərin qidaya olan təlabatının ödənilməsində bitkilər əsas paya malikdir. Bununla əlaqədar olaraq tədqiqatçılar yeni məhsuldar bitki sortları yaratmış və onların becərilməsi üçün daha effektli becərilmə texnologiyaları hazırlanmışdır. Buna baxmayaraq, heç də həmişə gözlənilən nəticə alınmır və əkin üçün istifadə edilən əraziyə düşən məhsul çıxımı azalır.

Eyni zamanda heyvanlar qəbul etdiyi bütün qidanı tam mənimsəyə bilmədikləri üçün bu qidalardan effektiv yararlana bilmir. Bu da dünya əhalisinin sayının sabit ərazi daxilində getdikcə artması şəraitində yol verilməzdir ki, bunun həlli üçün kənd təsərrüfatı məqsədləri üçün becərilən bitkilərin məhsuldarlığının artırılması qədər, məhsuldarlığın azalmasına səbəb olan halların aradan qaldırlması və son mərhələdə isə qidanın effektiv mənimsənilməsinin biopreparatlar vasitəsilə artırılmasının elmi-metodiki əsaslarının hazırlanılması vacib məsələlərdəndir.

Qeyd edilən məsələlərin həlli mahiyyət etibarı ilə alınan məhsulun həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə təsir edir. Bütün bu halların qarşısının alınması, ölkə əhalisinin etibarlı ərzaq təminatında, ölkənin davamlı inkişafında mühim əhəmiyyət kəsb edən, eyni zamanda həlli vacib olan məsələlərdəndir və layihə komandası bunların həllini planlaşdırır.