Azərbaycan Milli Elmlər Akademiyası və AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfrans öz işini başa vurub.
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda baş tutmuş bağlanış mərasimini açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova konfransın yekunları barədə ümumi məlumat verib. O, uğurla yekunlaşan konfransın “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər planı çərçivəsində keçirilmiş növbəti mühüm tədbirlərdən biri olduğunu diqqətə çatdırıb, onun təşkilində fəallıq göstərmiş hər kəsə, o cümlədən plenar iclasın və seksiyaların moderatorlarına təşəkkürünü bildirib.
Akademik İradə Hüseynova Ulu Öndərin Azərbaycan təbiətinin və biomüxtəlifliyinin mühafizəsində, bu istiqamətdə fəaliyyət göstərən elm sahələrinin inkişafında mühüm rolunu bir daha vurğulayıb, onun siyasi irsinin bu gün də uğurla davam etdirilməsini yüksək dəyərləndirib.
Natiq konfransın müvafiq elmi dairələri bir araya toplayaraq həm görülmüş işlərin yekunu, həm də gələcək tədqiqatlar üçün yeni perspektivlər baxımından irəliyə doğru addım olduğunu bildirib.
Sonra aparılan müzakirələrdə AMEA-nın müxbir üzvləri İbrahim Əzizov və Pənah Muradov, Zoologiya İnstitutunun direktoru v.i.e., a.e.ü.f.d., dos. Ələddin Eyvazov, AR ETN Dendrologiya İnstitutunun laboratoriya müdiri, b.ü.f.d. Afiq Qazıyev, Bakı Dövlət Universitetinin müəllimi, b.ü.f.d. Natəvan Baxşəliyeva və digərləri çıxış edərək konfransın fəaliyyətini, edilmiş məruzələrin və müzakirələrin səviyyəsini yüksək qiymətləndiriblər. İnamla ifadə olunub ki, tədbirdə səsləndirilən fikir və təkliflər gələcək tədqiqatlar və əməkdaşlıq əlaqələri ilə bağlı fəaliyyət istiqamətlərinin müəyyən olunmasına öz töhfəsini verəcək.
Sonra akademik İradə Hüseynova sözü konfransa təqdim edilmiş poster və seksiyalarda gənc alim və mütəxəssislər tərəfindən edilmiş məruzələrin qiymətləndirilməsi məqsədilə yaradılmış komissiyanın sədri b.e.d. Yaşar Feyziyevə verib. Seçimin heç də asan olmadığını bildirən Yaşar Feyziyev qiymətləndirmənin nəticələrini elan edib. Qaliblərə sertifikatlar təqdim olunub.
Konfransa yekun vuran AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova 2 gün ərzində davam etmiş konfransa 4 ölkədən 10-dan çox alimin qoşulduğunu, paralel seksiyalarında 100-dən çox məruzənin dinlənildiyini və 30 poster nümayiş etdirildiyini diqqətə çatdırıb, konfrans materiallarının dərc ediləcəyini bildirib.
Çıxışının sonunda akademik İradə Hüseynova konfrans iştirakçılarına elmi fəaliyyətlərində uğurlar arzulayıb.